SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

A.Ə.Rzayev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Kiçik Qafqazın şimal-şərq yamacının üst tabaşir çöküntülərinin paleocoğrafi toplanma şəraiti


Üst tabaşir çöküntülərinin hövzəyə toplanma şəraitini və paleocoğrafiyasını öyrənmək üçün Ch.R.Peltonun təklif etdiyi metodikadan istifadə edilmişdir. Bu metod litofasiyalı xəritələri kəmiyyət baxımından qurmağa imkan verir. Entropiya tipli funksiyadan istifadə olunaraq qurulan litofasiya xəritələri ənənəvi üsulla qurulan xəritələrə nisbətən üstünlüyə malikdir. Belə ki, bu xəritələrdə quru sahələri, hövzədə yerləşən quru sahələri müəyyən etmək, terrigen materialların hövzəyə daşınma istiqaməti və çeşidlənməsi əyani surətdə görünür. Kiçik Qafqazın şimal-şərq yamacında ada şəkilli quru sahələr Konyak, erkən Santan və Maastrixt əsrlərində çöküntü toplanma hövzələrində geniş yayılmışlar.


DOI: 10.5510/OGP20110100050

E-mail: Akif.Rzayev@hotmail.com


R.R.Cəfərov, S.S.Hacıyev, F.S.İbrahimov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, "Abşeronneft" NQÇİ)

Qala lay dəstəsinin Аbşeron arxipelağının Şimal-Qərb hissəsində yayılması və onun neft-qaz perspektivliliyi haqqında


Məqalədə Abşeron arxipelağının şimal-qərb sahəsində Məhsuldar qat (MQ) çöküntülərinin alt şöbəsinə aid olan Qala lay dəstəsinin (QaLD) yayılma sərhədlərinin dəqiqləşdirilməsindən və onun neft-qaz perspektivliliyindən bəhs edilir. Abşeron arxipelağının şimal-qərbində yerləşən strukturların mürəkkəb tektonik quruluşa malik olmaları səbəbindən MQ döşəyən QaLD və Qırmakualtı (QA) lay dəstələrinin sahə üzrə yayılma sərhədlərinin təyinini qənaətbəxş hesab etmək olmaz. Bu məqsədlə çoxsaylı geoloji-geofiziki profillər və quyu karotaj diaqramlarının müqayisə məlumatlarına əsasən QA və QaLD-nin tavanlarına görə yeni struktur xəritələr tərtib edilmişdir; nəticədə onların daha geniş sahədə yayılması aydınlaşmışdır. Son illərdə Darvin küpəsinin cənub-şərq hissəsində və Şimali Pirallahı qalxımında qazılmış kəşfiyyat quyu məlumatları QaLD-nin həm stratiqrafik və həm də tektonik vəziyyətini aydınlaşdırmağa imkan vermişdir. QaLDnin Darvin küpəsi qalxımının cənub-şərq periklinalının tağətrafı sahəsində, Cənubi Pirallahı qalxımının üstəgəlmə və üstəgəlməaltı bloklarında və Şimali Pirallahı sahəsində geniş yayılması aydınlaşdırılmışdır. Məlum olmuşdur ki, Cənubi Pirallahı qalxımının üstəgəlmə III blokunda indiyə qədər QAc kimi göstərilən süxurlar tam şəkildə QaLD-nə aid edilməlidir. Abşeron arxipelağı yataqlarından və Cənubi Pirallahı qalxımının üstəgəlmə blokunda QaLD-dən alınan neft axınları bu çöküntülərin Şimali və Cənubi Pirallahı qalxımının üstəgəlməaltı blokunda da perspektivli olması barədə fikir söyləməyə əsas verir. Aparılan tədqiqat işlərinin nəticəsində QaLD-nin neft-qazlılığını aydınlaşdırmaq üçün Şimali və Çənubi Pirallahı yataqlarında kəşfiyyat quyularının qazılması tövsiyə olunur; layihə quyularının yerləşmələri xəritədə göstərilmişdir.


DOI: 10.5510/OGP20110100051

E-mail: rafig.cafarov@socar.az


E.A.Kazımov, N.M.Əliyev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Qazıma məhlulunun dağ süxurlarının mexaniki xüsusiyyətlərinə təsir mexanizminin tədqiqi


Quyuların qazılması zamanı dağ süxurlarının dağıdılması qazıma məhlulu şəraitində baş verir. Bunun üçün bu mühitin, yəni süxurları nəm edən qazma məhlulunun filtratının süxurun mexaniki xüsusiyyətinə təsirini təyin etmək lazımdır. Qeyd edilməlidir ki, müxtəlif tip qazma məhlulları filtratlarının gilli süxurlara təsirini tədqiq edərkən quyu divarını təşkil edən süxurların gərgin-deformasiya şəraitində olmasının nəzərə alınmaması mövcud üsulların ümumi çatışmayan cəhətidir. Əksər halda quyu divarını təşkil edən süxurların özlərini aparmasını qazıma məhlulunun tipi təyin edir.


DOI: 10.5510/OGP20110100052

E-mail: elchin.kazimov@socar.az


B.Ə.Süleymanov ( "Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Qum tıxacının qazlı mayelərlə yuyulması


Məlum olduğu kimi əksər hallarda qum tıxaclarının ləğv edilməsində texniki sudan istifadə olunur ki, bu da işlək quy fondunun vaxtından əvvəl sıradan çıxmasına gətirib çıxarır. Məqalədə qum tıxaclarının yuyulmasında daha səmərəli texnologiyaların yaradılması məqsədilə suyun, karbon və təbii qazın, polimer kompozisiyalarının, həmçinin səthi fəal maddələrin (SFM) istifadə edilməsilə müxtəlif kompozit sistemlərin işçi agent qismində istifadə olunmasına əsaslanan heterogen sistemlərlə psevdomayeləşdirmə tədqiq edilir. Aparılmış tədqiqatlar nəticəsində belə qənaətə gəlmişlər ki, keçidqabağı vəziyyətdə qaz-maye qarışığının (həmçinin SFM əlavələri olmaqla) istifadə olunması qum tıxaclarının yuyulması prosesində səmərəliliyin artmasına səbəb olur.


DOI: 10.5510/OGP20110100053

E-mail: baghir.suleymanov@socar.az


Ə.M.Salmanov, N.S.Kərimov, H.Ə.Həmidov, M.N.Vəliyev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Yataqların maili və üfüqi quyularla iştismarı zamanı quyudibi zonanın parametrlərinin tədqiqi


Məlum olduğu kimi, dəniz şəraitində neft yataqlarının işlənməsi zamanı maili və üfüqi, eləcə də çoxdibli quyulardan istifadə olunur. Neft yataqlarının işlənmə obyektləri yüksək təbəqələnmiş və zonal qeyri-bircinslilikli çoxlaylıdırlar və əsasən az qalınlıqlı aşağı keçiricilikli təbəqəciklərin növbələşməsi ilə təqdim edilmişdirlər. Layların neftverməsinin artırılması məqsədilə geoloji-texniki və texnoloji tədbirlərin aparılması zamanı layların anizotropluğunu qiymətləndirmək üçün quyuların quyudibi zonalarının hidrodinamiki tədqiqatları və süzülmə parametrlərinin təyini vacibdir. Bu məqsədlə, təqdim olunan işdə Günəşli yatağının hidrodinamiki tədqiqatlarının nəticələri göstərilmişdir. Qeyd etmək lazımdır ki, quyularda təzyiqin bərpa əyriləri (TBƏ) həm ştuserin diametrinin dəyişməsi ilə quyuların dayanmadan işlədiyi hallarda, həm də quyuların işlənməsinin dayanması ilə çıxarılır. TBƏ əyriləri Δр - f (lnt) и Δр - f(√t) koordinatlarında qurulmuşdur. Məlum asılılıqlara görə, k1/k2, ℵ/rc2 parametrləri bucaq əmsallarına, həmçinin ordinat oxundan götürülmüş kəsiyə görə təyin olunmuşlar. Əgər pyezokeçiricilik ifadəsindən istifadə etsək, təyin olunacaq kəmiyyətlərin sayını ikidən dördə çatdırmaq olar. Beləliklə, təzyiqin bərpası metodu ilə psevdoüfüqi quyularda (maili quyular) aparılan tədqiqatın göstəricilərinin təkmilləşdirilməsi aparılan interpretasiya işlərinin mahiyyətini artırır. Buna səbəb TBƏ-nin xüsusiyyətlərinin vaxta görə axınının geometriyasının dəyişməsidir. Bu üsul “Günəşli” yatağının 171, 173 və 296 saylı quyularının parametrlərinin tədqiqi üçün tətbiq olunmuşdur. Dəniz şəraitində quyularda quyudibi zonanın parametrlərinin təyin olunması zamanı TBƏ-nin çıxarılması üçün quyuların dayandırılması iqtisadi cəhətdən zəruri deyildir


DOI: 10.5510/OGP20110100054

E-mail: nizami.kerimov@socar.az


F.M.Hacıyev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

"Günəşli" neft-qaz kondensat yatağının "Fasilə" lay dəstəsində suvurma prosesinə nəzarət etmək məqsədilə hidrokimyəvi meyarların seçilməsi və əsaslandırılması


"Günəşli" yatağının "Fasilə" lay dəstəsi suları ilə laya vurulmuş Xəzər dənizi suyunun müxtəlıf nisbətlərdə qatışıqlarının kimyəvi tərkibində iştirak edən komponentlərin laboratoriya sınaqlarında təyin edilmiş və nəzəri cəhətdən hesablanmış miqdarlarının müqayisəsi göstərir ki, dəniz suyunun nüfuz etdiyi sahələrin təyin edilməsi 2 mərhələdə aparılmalıdır: birinci mərhələdə dəniz suyunun təsiri nəticəsində qatışıq sularda komponentlərin qatılığı dəyişir, Ca2+, Mg2+, SO42-, ionlarının qatılıqları artır, Na+ + K+ , Cl- , HCO3- , CO32- , RCOO- , HB4O7- qatılıqları isə azalır. İkinci mərhələdə Xəzər dənizi suyunun nüfuz etdiyi sahələrdə onun faizlə miqdarını təyin etmək ücün xlor ionunun qatılığının dəyişməsinə əsaslanan məlum düsturdan istifadə etmək tövsiyə edilir.ı


DOI: 10.5510/OGP20110100055

E-mail: firudin.hadjiyev@socar.az


Ş.P.Kazımov, S.B.Bayramov, Ş.İ.Mustafayev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Ştanqlı nasos qurğusunun səmərəliliyinin artırılması


Ştanqlı dərinlik nasos qurğusunun (ŞDNQ) ştanqlarının asqısında yükləməni azaltmaq məqsədilə, ştanq kəmərinin konstruksiyasında çevirici mexanizm tətbiq etmək təklif edilib. Ştanq kəməri iki hissəyə bölündüyünə görə, həmin hissələr arasında çevirici mexanizm quraşdırılır. Çevirici mexanizm yuxarı və aşağı porşenli hidrosilindrlərdən ibarətdir. Hidrosilindrlər bir-birilə əlaqədədirlər. Bununla belə nasos-kompressor boruları kəməri, nasosun endirilmə dərinliyindən asılı olmayaraq, pilləli götürülür və pillələr arasında keçiddə çevirici mexanizm oturdulur. Yuxarıdakı hidrosilindrin porşeninin ştoku asqıdan asılmış ştanq kəmərinin aşağı başına bərkidilir. Aşağıdakı hidrosilindrin porşeninin ştokunun aşağı ucunda quyu nasosunun plunjeri asılmış ştanq kəmərinin yuxarı ucu bərkidilmışdir. Analiz göstərir ki, təklif olunan konstruksiyada ştanqların asqısında yükləmə reduktor valının çıxışında burucu moment və dəzgahının elektrik enerjisinin sərfi əhəmiyyətli dərəcədə azalır.


DOI: 10.5510/OGP20110100056

E-mail: m_sahvalad@mail.ru


M.Ə.Mürsəlova, M.F.Əsədov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Quyularda su təzahürlərinin qarşısını almaq üçün hel əmələ gətirən tərkiblər


Bir sıra polimer birləşmələri əsasında quyularda su axınlarını məhdudlaşdırmaq üçün su izolə edən tərkiblər işlənmişdir. İlkin xammal kimi orta molekul kütləsi 20000 olan xlorsulfitləşdirilmiş polietilen, həmçinin nitril kauçuku istehsalı prosesindən lateks istifadə olunmuşdur. Calalıyıcı agent kimi alınan maye şüşədən, komplekslərin əmələ gəlmə sürətini tənzimləmək üçün SFM-dən istifadə olumuşdur. Prosesin temperaturundan və komponentlərin nisbətindən asılı olaraq hel əmələ gəlmə prosesinnin dinamikası tədqiq olunmuşdur.


DOI: 10.5510/OGP20110100057

E-mail: minaxanim.mursalova@socar.az


A.Ş.Qaralov, B.A.Press, İ.Y.Silvestrova, R.S.Məmmədova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Dünya ümumi daxili məhsul (ÜDM) strukturunda, neftqaz sektorunun əhəmiyyəti və onun uzun müddətli perspektivdə dəyişməsinin təhlili


Neft − vacib enerji mənbəyidir. Təəccüblü deyil ki, neftin qiyməti yalnız peşəkar bazar iştirakçılarının diqqətində deyil, həmçinin geniş ictimayyətin daimi diqqətindədir. Dünyada neftin qiymətinin qalxması və düşməsi, tədricən enerjiyə qənaət edən mütərəqqi texnologiyanın inkişafına təsir edən prosesi sürətləndirir və yeni enerji mənbəyinin mənimsənilməsinə imkan verir. Bu gücün səmərəsi ildən ilə artaraq, daha geniş surətdə nəzərə çarpacaq və yaxın onillikdə dünyada ümumi daxili məhsulun (ÜDM) əsas tərkibinin dəyişməsinə gətirib çıxaracaq. Ümumi daxili məhsul ümumiləşdirilmiş iqtisadi göstəricidir, il ərzində istifadə olunan resurslar idxal və daxili məhsullara bölməmək şərtilə bir yerdə istehsal olunan bütün növ əmtəə və xidmətləri qiymətlərinin cəmidir.

Məqalədə ümumi daxili məhsulun (ÜDM) dünyada 1999-2010-cu illər ərzində və 2020-ci ilə qədər olan proqnoz göstəricilərinin dəyişməsi xarakteri və onun artımına təsir edən səbəblər göstərilir. Baxılan müddətdə dünya üzrə ümumi daxili məhsulunun (ÜDM) artması və əhalinin sayının artımı, həmcinin xalis gəlirin dəyişməsi cədvəldə verilir. Qrafikdə dünya ümumi daxili məhsulun artım mühitində xalis gəlirin dəyişmə xarakteri təqdim olunur. Ümumi daxili məhsulun (ÜDM) əsas sahələrinin xüsusi çəkisi, hər bir sektorun faizlə payı sxemdə əyani olaraq göstərilmişdir:

  • iqtisadiyyatın ənənəvi sahəsi üzrə 70.2%;
  • neft-qaz sektoru üzrə 24.65%;
  • innovasiya və yüksək texnologiyalı sənaye üzrə 5.15%.

Hər bir sektor üzrə ümumi daxili məhsulun (ÜDM) tərkibində ona təsir edən amillərə və onun dəyişməsinə təfsilatı ilə baxılmışdır. Bu amillər arasında, alternativ enerji mənbəyi üzrə nanotexnologiyaların inkişafına, ekoloji məsələlərə baxılmışdır. Yaxın onilliklərdə ümumi daxili məhsulun (ÜDM) əsas sahələrinin necə dəyişməsi təhlil olunmuş aparılmış təhlillər əsasında nəticə çıxarılmışdır.


DOI: 10.5510/OGP20110100058

E-mail: ali.qaralov@socar.az


B.M.Borkent, S.M.Dammer, X.Şonxerr, Q.D.Vankso, D.Loze (Tventе Universiteti)

Səthi nanoqabarcıqların superstabilliyi


Məqalədə, hamar poliamid altlıqlarının və suya daldırılmış hidrofoblaşdırılmış silisium səthlərinin kavitasiyanın induksiya edilmiş zərbə dalğası və atom mikroskopiyasının sınaqlarının nəticələri təqdim edilmişdir. Göstərilmişdir ki, bu səthlərdə olan səthi nanoqabarcıqlar, gözlənilənlərin əksinə olaraq kavitasiya qabarcıqları üçün nukleasiya mərkəzləri kimi təsir göstərmirlər. Bu onu sübut edir ki, səthi nanoqabarcıqlar təkcə normal şəraitdə deyil, həm də mayenin təzyiqinin -6 MПa-ya qədər çox aşağı düşməsində də stabil olacaqlar. Biz, nanoqabarcıqların bu xassələrini superstabillik adlandırdıq.


DOI: 10.5510/OGP20110100059

E-mail: d.lohse@tnw.utwente.nl